Beynəlxalq Ticarətin Qızıl Qaydaları: Incoterms Nədir və Niyə Vacibdir?
Beynəlxalq ticarətlə məşğul olan hər bir sahibkar və ya logistika mütəxəssisi "Incoterms" terminini tez-tez eşidir. Bəs bu termin nəyi ifadə edir? Malların bir ölkədən digərinə çatdırılması zamanı yarana biləcək risklər, xərclər və öhdəliklər kimin üzərinə düşür? Bu suallara birmənalı cavab verən və qlobal ticarəti tənzimləyən "Incoterms" qaydaları haqqında bilməli olduğunuz ən vacib məqamları təqdim edirik.
Incoterms (International Commercial Terms — Beynəlxalq Kommersiya Şərtləri), Beynəlxalq Ticarətdə malların satıcından alıcıya çatdırılması prosesində tərəflərin hüquq və vəzifələrini müəyyən edən vahid qaydalar toplusudur. Beynəlxalq Ticarət Palatası (ICC) tərəfindən hazırlanan bu şərtlər, qlobal ticarətdə anlaşılmazlıqları aradan qaldırmaq, logistika və gömrük proseslərini asanlaşdırmaq üçün "Məhsulu kim daşımalıdır?", "Gömrük rəsmiləşdirilməsini kim edəcək?" və ya "Yolda mala ziyan dəysə, zərəri kim ödəyəcək?" kimi suallara birmənalı cavab verir.
Incoterms 2020: 11 Əsas Şərt və 4 Qrup
Hazırda qlobal ticarətdə ən aktual olan versiya Incoterms 2020 qaydalarıdır. Bu qaydalar cəmi 11 şərtdən ibarətdir və onlar dörd əsas qrupa bölünür:
"E" Qrupu (Çıxış şərti - EXW): Satıcı malı sadəcə öz müəssisəsində alıcıya təhvil verir. Nəqliyyat, sığorta və həm ixrac, həm də idxal gömrük rəsmiləşdirilməsi daxil olmaqla bütün xərc və risklər alıcının üzərinə düşür.
"F" Qrupu (Əsas daşıma haqqı ödənilməyən şərtlər - FCA, FAS, FOB): Satıcı malı alıcının təyin etdiyi daşıyıcıya təhvil verir.
"C" Qrupu (Əsas daşıma haqqı ödənilən şərtlər - CPT, CIP, CFR, CIF): Satıcı əsas daşıma xərcini özü ödəyir, lakin mal yola çıxdıqdan sonra baş verə biləcək risklər alıcıya aid olur.
"D" Qrupu (Çatdırılma şərtləri - DAP, DPU, DDP): Satıcı malı təyinat ölkəsinə qədər gətirir və bütün riskləri öz üzərinə götürür.
Gömrük Dəyərinin Hesablanmasında Incoterms-in rolu
Incoterms şərtlərinin hər bir detalı logistika zəncirinin qurulması və gömrük rəsmiləşdirilməsi zamanı böyük maliyyə və hüquqi əhəmiyyət kəsb edir. Səhv seçilməsi gözlənilməz gömrük cərimələrinə və ya daşıma xərclərinə səbəb ola bilər. Gömrük orqanları idxal rüsumlarını və ƏDV-ni hesablayarkən malın Gömrük Dəyərini (və ya Statistik Dəyərini) əsas götürürlər. Bu dəyər ümumi qayda olaraq CIF şərtinə gətirilməlidir. Əgər malı EXW və ya FCA ilə almısınızsa, bəyannamə yazılarkən malın invoys qiymətinin üzərinə sərhədə qədər olan daşıma xərci və sığorta xərci də əlavə olunur.
Praktiki Biznes Strategiyası: Hansını Seçməli?
Xəbərdə o da qeyd olunur ki, Incoterms şərtlərinin seçimi şirkətin logistika imkanlarından asılıdır. İdxalatçılar (alıcılar) üçün beynəlxalq logistika şirkətləri ilə birbaşa müqavilələri varsa, prosesə nəzarət etmək üçün FCA və ya EXW seçmək daha sərfəlidir. İxracatçılar (satıcılar) üçün isə gömrük risklərini minimuma endirmək məqsədilə FCA və ya CPT idealdır. Məcbur qalmadıqca qarşı ölkənin qanunvericiliyini bilmədən DDP şərtini öhdəyə götürmək böyük risk hesab olunur.



